![]()
"Cənub Qaz Dəhlizi ümumi marağımızı əks etdirən və qarşılıqlı surətdə əhəmiyyətli layihədir. Bu, Azərbaycanın 1994-cü ildə təməli qoyulmuş enerji strategiyasının tərkib hissəsidir".
AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında deyib.
Dövlət başçısı qeyd edib ki, o zaman Azərbaycan nəhəng “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı beynəlxalq neft şirkətlərindən ibarət konsorsiumla müqavilə imzaladı: "Bu, bizim beynəlxalq enerji şirkətləri ilə əməldaşlığımızın başlanğıcı idi. O vaxt Azərbaycan öz təbii resurslarını beynəlxalq əməkdaşlıq üçün əlçatan etdi. İlk dəfə beynəlxalq sərmayələr Xəzər dənizinə yatırıldı və 1994-cu il əslində, Azərbaycanın inkişafı baxımından da dönüş nöqtəsi oldu. Azərbaycan o zaman yalnız üç il idi ki, gənc müstəqil dövlət idi və iqtisadi vəziyyət çox çətin idi. Ölkəni xarici sərmayə üçün açaraq biz milyardlarla dollarlıq sərmayə cəlb edə bildik. On minlərlə yeni iş yerləri açdıq, Azərbaycanın münbit sərmayə mühitinə malik dövlət olduğunu nümayiş etdirdik. Bunun nəticəsində neftdən gələn gəlirləri iqtisadiyyatın şaxələndirilməsi və müasir infrastrukturun yaradılmasına yönəltdik. Bu gün isə biz artıq qeyri-neft sektorunun inkişafına diqqət yetiririk. Bu, bizim üçün prioritetdir. Ancaq enerji sektoru bundan sonra da Azərbaycanın iqtisadiyyatının aparıcı sahəsi və regional əməkdaşlığın mühüm komponentlərindən biri olacaq".
***
"Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq".
Dia.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında bildirib.
Azərbaycan Prezidenti vurğulayıb ki, məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan, 1990-cı illərin sonunda Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi baxımından vacib məsələ idi. Daha sonra 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan kəməri istifadəyə verildi. Bu, tarixi hadisə idi. Bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi. Biz isə ixracımızı mümkün qədər artırdıq və bu gün Bakı-Tbilisi-Ceyhan vasitəsilə digər ölkələrə də neft nəql edilir.